Azərbaycanla Macarıstan arasında böyük iqtisadi əməkdaşlığın təməlini qoyan adam

OXUNUB: 801 MARAQLI

"Mübarizə aparmaq lazımdır ki, hər şey daha yaxşı olsun”

Azərbaycan oxucusuna Ramiz Əmirli adı tanışdır. Macarıstanda yaşayan həmyerlimiz, Macar-Azəri Birgə Cəmiyyətinin sədri. Bu günə qədər "Yeni Müsavat” onunla həm yaşadığı ölkədə, həm də Azərbaycanda xeyli söhbət edib. Ramil Səfərovun Azərbaycana ekstradisiya prosesini bütün detalları ilə bilən, bu haqda danışan həmyerlimiz bugünlərdə yenidən Azərbaycandadır. Bu dəfə çox ciddi iqtisadi layihələrin izi ilə.

"Yeni Müsavat” qəzetinin redaksiyasına qonaq gələn R.Əmirli ilə həm bu layihələr, həm də Macarıstan-Azərbaycan münasibətləri, miqrasiya problemləri ətrafında danışdıq.


- Ramiz bəy, Vətənə yenidən xoş gəlmisiz. Neçə vaxtdır Azərbaycana gəlmirdiz?


- Xoş gördük sizi. İl yarımdır Azərbaycana gəlmirdim.


- Tez-tez gəlirsiz Azərbaycana, səhv etmirəmsə...


- Əlbəttə. Elə olur ki, ildə 3-4 dəfə gəlirəm. İş olanda lap tez-tez gəlib gedirəm.


- Budəfəki səfərinizin məqsədi nədir? Şəxsi, işgüzar.. ?


- Əvvəla, cənab prezidentin sərəncamı əsasında aqrar sənayenin inkişafına xüsusi diqqət ayrılır. Macarıstanda aqrar sahə üzrə ən inkişaf etmiş firmanın - "Babolna Tetra” firmasının sahibi Budai Zoltan cənabları ilə Azərbaycana gəldik. Bizi bura dəvət edən Azərbaycanda ən böyük inqubator firmasının sahibi olan "Səfalı Broyler”in sahibi Murad Sadıqov cənablarıdır. Onsuz da Macarıstanla Azərbaycan arasında aqrar sahədə son zamanlar daha sıx əməkdaşlıq yaranıb. Son zamanlar Macarıstandan Azərbaycana damazlıq heyvanlar gətirilir. Taxılçılıq sahəsində, müxtəlif qarğıdalı növləri Azərbaycana gətirilir, əkilib-becərilir. Yəni onlar daha səmərəli növlərdir. Son zamanlar damazlıq yumurta üçün də yeni qapı açılıb. Avropada toyuqçuluq sahəsində ən böyük firma Macarıstanın "Babolna” firmasıdır. Onun sahibi mənim ən yaxın dostlarımdan biridir. Murad Səfərovun şəxsi dəvəti ilə bura gəldik və çox uğurlu bir səfər alındı. İlk günümüzdə də "Babolna” firması ilə "Səfalı Broyler” arasında illik müqavilə bağladıq. Yəni, hər həftə, dörd gündən bir bir maşın, 280 min ədəd damazlıq yumurta Macarıstandan Azərbaycana gətiriləcək. Bilirsiniz ki, bütün toyuqçuluq fabriklərinin hamısının öz inkubatorları yoxdur. Özləri inkubatordan çıxarılmış cücələri satın alıb, saxlayıb, böyüdüb satırlar. Odur ki, biz də bu sahədə iki ölkə arasında iqtisadi bir əməkdaşlıq nümunəsinə imza atdıq. Bu, çox böyük addım idi. Ola bilər ki, gələcəkdə burda ortaq toyuqçuluq ferması da aça bilərik. Amma bu, gələcəyin planıdır.


- Azərbaycanla Macarıstan arasındakı işgüzar-iqtisadi əlaqələrin səviyyəsi barədə nə deyə bilərsiz? Ümumi mənzərə necədir?


- Avropa ölkələri arasında Azərbaycanla ən sıx iqtisadi əməkdaşlığı Macarıstan dövləti edir. Və dediyim kimi, bitkiçilik, toxumçuluq, heyvandarlıq, quşçuluq sahələrində hər iki dövlət arasında sıx əməkdaşlıq var. Dövlətlərarası müqavilələr əsasında bu işlər görülür. Bugünlərdə Azərbaycanda adını deməyəcəyim böyük bir firmaya iki istixana tikilməsi üçün Macarıstanın Exim Bankından 18 milyon avro vəsait ayrılıb. Bunun özü Azərbaycan üçün böyük bir sərmayə deməkdir. İstixanaların tikilməsinə başlanıb. Azərbaycan-Macarıstan münasibətləri bir çox sahələrdə inkişaf edəcək.


- Prosesi davam etdirmək üçün daha hansı planlarınız var?

 

"Avropa gələcəkdə mühacirlərin cibinə pul, əlinə də bilet verərək deyə bilər ki, qayıdın vətəninizə”


- Mənim yeganə fikrim budur ki, macar biznesmenləri vətənə cəlb edim, sərmayə qoysunlar. Ölkəmiz birdən-birə neft krizisinə düşdüyünə görə çətinlik çəkməməlidir. Bunun çıxış yollarından biri də aqrar sənayenin inkişafıdır. Bu sahə üzrə Avropanın ən yaxşı mütəxəssisləri isə elə Macarıstandadır. İnşallah, Macarıstanda olan dostlarımı bura dəvət edəcəm. Başqa planlarımız var. Bitkiçilik sahəsində bura sərmayə qoymaq istəyənlər də var. Bir ay-ay yarım ərzində o layihəni də həyata keçirəcəm. Bu əlaqələr təkcə iqtisadi yox, bir çox sahələrdə də inkişaf edəcək.


- Sizinlə 2015-ci ildə Macarıstanda görüşəndə yaşadığınız ölkədə insanlar qaçqınlara münasibətdə olduqca sərt davranır, küçələrə çıxaraq onların gəlişinə etiraz edirdi. O vaxtdan bu vaxta Macarıstanda qaçqınlarla bağlı durum dəyişibmi? Qaçqın problem həll olunubmu?


- O gündən bu günə çox dəyişib. Həmin vaxt yadınızdadırsa, küçələrdə də qaçqınlar vardı, düşərgələrdə də. Biz sizinlə gedib düşərgələrdəki qaçqınları da gördük. Bu problem artıq öz həllini tapıb. Hazırda bir neçə yerdə qaçqın düşərgəsi qalıb. Hökumətimiz isə qaçqınların bir hissəsini öz ölkəsinə geri qaytarıb, bir hissəsini isə getmək istədiyi Avropa ölkəsinə. Orda qalan müddətdə də onlara qayğı göstərilib. Bir sözlə, Macarıstanda qaçqın problem həll olunub.

ramiz.jpg (131 KB)


- O vaxtdan bu vaxta azərbaycanlıların Avropaya axın etməsi də sürətlənib. Macarıstan yenidən tranzit ölkə statusundadır. İndi Avropaya getmək üçün Macarıstanı dayanacaq seçənlərin durumunda, statistikasında nə kimi fərqlər var? Mənzərəni bizim üçün təsvir edə bilərsizmi?


- Sizin bu sualınız mənim ürəyimi ağrıdır. Çünki son zamanlar ölkəmizdən Avropaya axın çoxalıb. Seçilmiş ölkələrdən biri də Macarıstandır. Mən özüm ürək ağrısı ilə çox dostlarımın, tanışlarımın xahişi ilə kimlərisə qəbul edib, ordan yola salmışam. Bu, arzuedilməz bir haldır. Niyə gedirlər, səbəbi nədir? Amma son zamanlar axın güclüdür. Gələn 10 nəfərdən 9-u geri dönmür. Bu, çox düşündürücü mənzərədir.


- Gələnlər daha çox imkansızlıqdan Avropada yaşamağı seçirlər, ya ciddi səbəbləri olur?


- Daha çox imkansızlıq. Açığı, mən heç kimdən eşitmədim ki, hansısa siyasi tərəfi var, ya məni incidirlər. Sadəcə olaraq, hamısı imkansızlıqdan şikayətlənir. Kimsə balasının gələcəyi, kimsə ölkədə maddi baxımdan yaşamağın çətin olmasına görə bura gəlməyi seçir.


- Bəs indi macar cəmiyyətində durum necədir? Qaçqınların ölkəni tərk etməsindən məmnundularmı?


- Bilirsiz, macarlar açıq-aydın deyirdilər ki, dünyanı bu hala salan böyük dövlətlər niyə çaxnaşma salıb, sonra o vətəndaşların Avropaya axınına səbəbkar olurlar? Bunu kim edirsə, qoy onlar da qarşısını alsınlar. Çox eqoistik yanaşmadır, amma reallıq budur. Macarıstan dövləti, onların siyasətçiləri gedib Suriyada çaxnaşma yaratmayıb ki? Bunu yaradanlar var, qoy onlar da bunun zəhmətini çəksinlər. Zəlzələ olarsa, təbii fəlakət yaranarsa, ondan zərər çəkənlər başqa. Amma indi hər halda, məmnundular. Artıq Macarıstanda qaçqınlıq hiss olunmur. Macarıstan Avropanın cənnət ölkələrindən biridir, ölkə vətəndaşları firavan yaşayırlar.

Ramiz Əmirli: "Yeganə fikrim budur ki, macar biznesmenləri Vətənə cəlb edim, sərmayə qoysunlar”


- Macarıstan azərbaycanlıların mühacirət üçün seçdiyi ölkələrdən deyil. Səbəb təkcə müavinətin verilməməsidir?


- Macarıstandan sığınacaq almaq çətindir. Siyasi baxımdan qəbul etmirlər. Deyirlər ki, siyasi baxımdan Azərbaycanda heç bir problem ola bilməz. Çünki demokratik, stabil bir ölkədir. Başqa bir tərəfdən, Macarıstanda minimum əmək haqqı 300-400 avrodur. Sığınacaq almaq istəyən insanların seçimi isə daha çox Almaniya, Hollandiya, Norveç, İsveç, Isveçrə kimi ölkələrdir. Onlar vətəndaşlarına daha çox maaş berən ölkələrə üz tuturlar. Gələnlər daha çox bu ölkələrə gedirlər və Macarıstandan tranzit kimi istifadə edirlər.


- Azərbaycandan sizə ayda nə qədər müraciət olunur? Hər halda, azərbaycanlılar Macarıstanda sizin yaşadığınızı bilir, cəmiyyətin sədrisiz, tanınmış şəxssiz. Yardım, məsləhət, qarşılamaq üçün nə qədər müraciət edirlər?


- Çoox. Vətənə düşdüyüm gün axşamtərəfi məni heç tanımadığım adamlar axtardı. Mühacirət etmək istədiklərini dedilər, yardım istədilər. Mən o məsləhət istəyənə dedim ki, burda 1000-1200 manat pulla dolana bilməyən ailə heç Avropada da dolana bilməyəcək. Sən Avropanın dilini, adət-ənənəsini bilməlisən. Gedib Almaniyada bir düşərgə kimi yerə girəcəksən, illərlə ordan buraxmayacaqlar. Ta ki, dilini öyrənənə qədər. Gələcəkdə belə siyasət də ola bilər: orda yaşayan mühacirlərin cibinə pul, əlinə də bilet verilərək deyilə bilər ki, qayıdın öz vətəninizə. Yəni bunu da nəzərə almaq lazımdır. Bu məsələ zaman-zaman həmin ölkələrdə müzakirə də olunur ki, gələn qaçqınların ölkəsində stabil vəziyyətdirsə, onları göndərmək lazımdır. Bu, hər zaman baş verə bilər.


- Avropada yaşayan azərbaycanlı mühacirlərin durumu necədir? Sizin tanıdıqlarınız çoxdur və mənzərəni daha yaxşı görürsüz.


- Mənim Avropada yaşayan dostlarım çoxdur. Amma inanın ki, onların danışığından, vəziyyətlərindən xoşbəxtlik yağmır. Gənclərimiz, insanlarımız elə bilməsinlər ki, burdan çıxanda bütün problemlər həll olunacaq.


- Ramiz bəy, iki il öncəki Budapeşt səfərimizdə sizdən götürdüyüm müsahibə 50 mindən artıq oxunmuşdu. Mövzu isə Ramil Səfərovla bağlı idi. Mənə təəccüblü gəlmişdi ki, cəmiyyət üçün Ramil Səfərov mövzusu hələ də maraqlı və mübhəmdir. Onunla bağlı hər detail diqqətlə izləyirlər.


- Təbii. Ramil Səfərov, Mübariz kimi qəhrəmanların önündə baş əyirik. Verdiyim o müsahibə xeyli oxundu. Amma onunla bağlı danışılacaq o qədər mövzu, sirlər var ki, bəlkə də milyonlarla insan oxuyar. Amma bunu etmək olmaz. Ramillə də dünən görüşüb danışdım, yenicə oğlu olub, onu təbrik etdim. Uşağa da Macarıstandan hədiyyə gətirdim. Axşam hiss etdim ki, Ramil özünü çox xoşbəxt sayır. Oğul onunçün dağ boyda bir arxa oldu. Ramil mənə dedi ki, vaxtilə türmədə yastığı qucağıma qoyub düşünürdüm ki, ilahi, görəsən, nə vaxtsa qucağımda yastıq yox, cocuq nəfəsi duyacammı? Artıq bir qızım, bir oğlum var, iki nəfəs duyuram.


- Hər gəlişinizdə Azərbaycanda nə kimi dəyişikliklər görürsüz?


- Hər gəlişimdə insanların üzündə, ümumən cəmiyyətdə bir məyusluq görürəm. Bakı şəhərinin gözəl olmadığını demək olmaz. Amma baxanda bütün binalar bir-birinə bənzəyir. Boz, daşdan üz çəkilmiş şəhərdir. Rəngbərənglik yoxdur. Adicə Avropada şəhərə baxırsan, sanki rəssam əllə çəkib. Təkcə şəhərin gözəlliyi də şərt deyil. Birinin qapısını döyüb içəri girəndə də gərək ailə sənin ürəyini açsın. İnsanların şəraiti, üzündəki enerji ilə. Hər halda, biz inkişaf edirik. Mübarizə aparmaq lazımdır ki, hər şey daha yaxşı olsun.


Sevinc TELMANQIZI

RƏYLƏR