Azərbaycanda qanunsuz istiqraz satılır

OXUNUB: 1024 İQTİSADİYYAT

"Finex Kredit” bank olmayan kredit təşkilatının manatla, illik 24 faiz gəlirlilik vəd edən istiqrazları dövlət qeydiyyatına alınmayıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarə Palatasından "Marja”-ya göndərilmiş məktubda bildirilir.

"Finex Kredit” BOKT ASC tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, dövlət qeydiyyatına alınmamış manatla, illik 24 faiz gəlirlilik vəd edən korporativ istiqrazların satışı müxtəlif kütləvi informasiya vasitələrilə reklam edilir. Dövlət qeydiyyatına alınmamış istiqrazların bütün növ reklamları dərhal dayandırılmalıdır”, - məktubda qeyd olunur. 

Həmçinin bildirilir ki, "Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.5.3-cü maddəsinə əsasən, investisiya qiymətli kağızların emissiyası üçün Maliyyə Bazarlarına Nəzarət Palatası bu kağızların buraxılışını dövlət qeydiyyatına almalı, emissiya prospektini və ya informasiya memorndumunu təsdiq etməlidir. Həmçinin Qanunun 7.3-cü maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanının təsdiq etmədiyi emissiya prospektinin açıqlanmasına və reklam edilməsinə yol verilmir. Bundan əlavə, "Reklam haqqında” Qanunun 33.23-cü maddəsinə əsasən, buraxılışı maliyyə bazarlarına nəzarət orqanının qeydiyyatından keçməmiş qiymətli kağızların reklamına yol verilmir. 

Qeyd edək ki, FİNEX İstiqrazları kredit təşkilatının filiallarında satılır. Reklamlarda bildirilir ki, istiqrazlar üzrə illik gəlirlilik maksimum 24% təşkil edir. İstiqraz məbləğinə hesablanmış faizlər müştərinin istəyi ilə aylıq, rüblük və ya illik ödənilir. Müştəri istiqraz məbləğini istədiyi vaxta geri çəkə bilər. 

"FİNEX  Kredit” əhalini və investorları əmanətlərini banklardan çıxarıb istiqraza çevirməyi təklif edir.

 

İcmal.Az

RƏYLƏR