Ermənilərə işləyən hərbçilərin deşifrəsi ilə bağlı yalan məlumata görə - Rəsmi xəbərdarlıq

OXUNUB: 997 Özəl SOSİAL

Baş Prokurorluq dünən bir neçə saytda ermənilərə işləyən hərbçilərin "Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

İcmal.Az-a daxil olan məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunda aparılmış araşdırmalarla müəyyən edilib ki, "Moderator.az” informasiya agentliyinin internet saytında 10 may 2017-ci il tarixdə "Ermənilərə işləyən qrup Mossadın köməkliyi ilə de-şifrə olunub” başlıqlı məqalədə ermənilərə işləyən qrupun guya "Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə məlumatlar dərc edilib.

Sensasiya naminə yayılmış həmin informasiyalar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dərhal təkzib edilərək düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin Müdafiə Nazirliyinin aidiyyəti qurumları tərəfindən aşkar edilərək ifşa olunması, eləcə də toplanmış materialların müvafiq qaydada tədbir görülməsi üçün Baş Prokurorluğa təqdim olunması barədə ictimaiyyətə açıqlama verilib.

Bundan başqa, 7 may 2017-ci il tarixdə Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribatın planlaşdırıldığı barədə əldə edilmiş məlumat əsasında aparılmış tədbirlər nəticəsində bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin hərbi sirr təşkil edən məlumatları düşmən tərəfinə ötürmələri faktlarına görə onların cinayət məsuliyyətinə cəlb olunmaları barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ictimaiyyətə geniş açıqlama verildiyi halda, ermənilərə işləyən qrupun guya "Mossad” təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə məlumatların yayılması ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər cür cinayətkar qəsdlərdən qorunub saxlanılması sahəsində Azərbaycan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmaqla, ictimai rəyi çaşdırmaq məqsədi güdür.

Göstərilənlərlə yanaşı, ötən dövrlər ərzində kütləvi informasiya vasitələrinə dəfələrlə məlumatların rəsmi qurumların mətbuat xidmətləri ilə dəqiqləşdirildikdən sonra yayılması tövsiyə edilməsinə baxmayaraq, "Moderator.az” informasiya agentliyi bundan heç bir nəticə çıxarmayıb.

Qeyd edilənlərlə əlaqədar agentliyin redaktoru Seymur Əliyev Baş Prokurorluğa dəvət edilərək "Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq "Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli yazıları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməzliyi diqqətinə çatdırılmaqla, gələcəkdə belə xarakterli, qərəzli və qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

İcmal.Az

RƏYLƏR