"Kəndə çıxa bilmirəm, utanıram" - Oğurluq edib kef məclisi quran şəxs - VİDEO

OXUNUB: 945 HADİSƏ

Göygöl sakini həmkəndlisinin evini qarət edib.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, oğurladığı əşyaları Gəncə şəhərində dəyər-dəyməzinə satan şəxs əldə etdiyi pulu kef məclislərinə xərcləyib, ancaq bu kefin müddəti o qədər də uzun sürməyib. Göygöl polisi "qəhrəma"nın əhvalına əməllicə soğan doğrayıb.

Göygölün Üçtəpə kənd sakini Fəridə Ələsgərova bu ilin fevral ayında Rayon Polis Şöbəsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin qarət edildiyini bildirib. Evdə oğurluq zamanı heç kim olmayıb. Zərərçəkənin müraciəti əsasında polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Çox keçməyib ki, axtarışlar öz bəhrəsini verib və şübhəli qismində zərərçəkənin həmkəndlisi, 47 yaşlı İttifaq İsmayılov saxlanılıb.

İttifaq İsmayılov istintaqa verdiyi ifadə zamanı evdən 1650 manatlıq əşyaları sərxoş halda oğurladığını bildirib. Saxlanılan şəxs gec də olsa, ev sahibindən üzr istəməyi özünə borc bilib.

İttifaq İsmayılov (saxlanılan şəxs): "Çox-çox peşmanam. Onların yanında utanıram. Ev sahibindən də dəfələrlə üzr istəyirəm. Kəndə də çıxa bilmirəm, xəcalət çəkirəm".

 
 

Günahı tam sübuta yetirilərsə, bu, İttifaq İsmayılovun ikinci məhkumluğu olacaq. Hazırda fakt üzrə istintaq araşdırmaları davam etdirilir.

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR