Saxta sənəd düzəltməkdə, iş adamı olan həyat yoldaşına qarşı dələduzluqda və polisə müqavimətdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib. Prokuror Təyminə Abdullayevanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində seçilmiş polis nəzarətində qətimkan tədbirinin dəyişdirilərək həbslə əvəzlənməsini istəyib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili Vasif İsrafilov müdafiə çıxışı edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.
Məhkəmə prosesi iyulun 28-də davam edəcək.
Qeyd edək ki, T.Abdullayeva həyat yoldaşı Barat Abdullayevin şikayəti əsasında saxlanılıb. Barat Abdullayev şikayətində bildirib ki, arvadı Təyminə Abdullayeva birgə nikahdan sonra əldə etdikləri yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib və bunu şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla edib. Onun sözlərinə görə, bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirib, ona 890 min manat məbləğində ziyan vurub.
Ərinin iddialarına cavab olaraq Təyminə Abdullayeva isə bildirib ki, metronun "Əhmədli" stansiyasının yaxınlığında yerləşən "Vesta” Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonunun sahibi kimi təqdim edərək, oranı T.Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. S.İsmayılovanın təklifi əsasında T.Abdullayeva evini girov qoyaraq Lizing şirkətindən kredit götürüb həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən, aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınmasının və pulun yarısının Səkinənin ödəməsinin qeyd olunduğunu bilib. Buna görə də, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T.Abdullayevaya pul ödəmədən evi S.İsmayılovaya satıb.
Onu da qeyd edək ki, Səbael rayon Məhkəməsində Barat Abdullayevlə Təyminə Abdullayevanın nikahın pozulması ilə bağlı məhkəmələri davam edir./lent.az
İcmal.Az